Bu gün Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, gənc şair-publisist Sevindik Nəsiboğlunun doğum günüdür.

Sevindik Nəsiboğlu (Əliyev Sevindik Nəsib oğlu) 26 iyul 2008-ci ildə İmişli şəhərində anadan olub. Əslən Xocavənd rayonunun Muğanlı kəndindəndir. Kiçik yaşlarından ədəbiyyata böyük maraq göstərən müəllifin şeirləri 2015-ci ildən etibarən müxtəlif qəzet və jurnallarda dərc olunub, Azərbaycan Televiziyası, Azərbaycan Radiosu və digər televiziya kanallarının efirində səsləndirilib.

Yaradıcılığa erkən yaşlarında başlayan Sevindik Nəsiboğlu qısa müddətdə oxucuların rəğbətini qazanaraq ictimai fəallığı və ədəbi yaradıcılığı ilə seçilib. O, “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyinin “Gənc istedad”, “Afia.az” İnformasiya Agentliyinin “Ən yaxşı yazar”, “İlin şagirdi”, eləcə də “Azərbaycan XXI əsrə istedadlarla” layihəsi çərçivəsində “Gənc istedad” diplomlarına layiq görülüb.

Sevindik Nəsiboğlunun qələmə aldığı kitablar bunlardır:

“Dünyamsan Azərbaycan” (2018) – Vətənə, Qarabağa və doğma torpaqlarımıza həsr olunmuş ilk şeirlər kitabı;

“Hərdən uçmaq istəyirəm” (2018) – 200-dən çox vətənpərvərlik ruhunda şeirin toplandığı kitab;

“Ulu Naxçıvanım” (2020) – Naxçıvanın tarixi, görkəmli şəxsiyyətləri və müəllifin səfər təəssüratlarını əks etdirən publisistik əsər;

“Könüllərə yol gəzirəm” (2020) – şeirlər və poemalardan ibarət kitab;

“Möhtəşəm Zəfərin nişanəsi” (2021) – şəhidlərimizə, qazilərimizə və Vətən müharibəsinə həsr olunmuş publisistik toplu;

“Zəfəri nurlandıran Nurlan” (2023) – Vətən müharibəsi şəhidi leytenant Nurlan Həsənovun xatirəsinə ithaf olunmuş kitab;

“Ulu Öndərin işığında” (2023) – Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş əsər;

“Suverenliyimizi təmin edənlər” (2024) – Azərbaycanın suverenliyi uğrunda mübarizə aparan qəhrəmanlara həsr olunmuş publisistik xronika;

Dirçələn Xarıbülbül” – müəllifin sayca 9-cu kitabı olub, şəhidlərimizin əziz xatirəsinə həsr edilib.

Müəllifin kitablarının təqdimatları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında, Azərbaycan Milli Kitabxanasında, Naxçıvan Dövlət Universitetində, Yasamal rayon Heydər Əliyev Mərkəzində, Şuşa Dövlət Musiqili Dram Teatrında, Xocavənd rayon Mədəniyyət Evində və digər dövlət qurumlarında keçirilib. Kitabların PDF və onlayn oxu versiyaları Azərbaycan Milli Kitabxanasının Elektron Kataloqunda da yerləşdirilib.

Sevindik Nəsiboğlu uzun illərdir “Kredo” qəzetinin redaksiya heyətinin üzvü və ən gənc ictimai müxbiri kimi fəaliyyət göstərir. Eyni zamanda “Xebertime.az” xəbər saytının ictimai müxbiridir. Onun şeirləri, məqalələri və araşdırmaları “Kredo”, “Afia.az”, “Xebertime.az”, “Versus.az” və digər media orqanlarında mütəmadi olaraq dərc olunur.

44 günlük Vətən müharibəsi dövründə müəllif qələmi ilə informasiya cəbhəsində fəal iştirak edib, qəhrəman əsgər və zabitlərimizə, işğaldan azad olunmuş torpaqlarımıza və tarixi Zəfərimizə həsr etdiyi çoxsaylı şeirlər və publisistik yazılar qələmə alıb. “Zəfərin nişanəsi” adlı şeiri Mədəniyyət Nazirliyinin keçirdiyi ədəbiyyat müsabiqəsinin qalibi olub və Fəxri Fərmanla təltif edilib.

O,”Milli Mənəvi Dəyərlərin Qorunması”, “İstedadları Tanıyaq və Tanıdaq” və “Zəfər Yolu” Müharibə İştirakçılarına və Şəhid Ailələrinə Humanitar Dəstək ictimai birliklərinin fəxri üzvüdür. 2021-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2025-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

2024-cü ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin Xocavənd rayonu üzrə regional nümayəndəsi seçilib. 2025-ci ildə Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında yüksək nəticə göstərərək Milli Aviasiya Akademiyasının hüquqşünaslıq ixtisasına qəbul olunub. Həmçinin Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Zəfərimizin 5 illiyinə həsr etdiyi IV Vəkil Bədii Yaradıcılıq Müsabiqəsində III yerə layiq görülüb.

Gənc yaşına baxmayaraq zəngin yaradıcılıq yolu keçən, vətənpərvərlik ruhunun, milli-mənəvi dəyərlərin və Azərbaycan sevgisinin təbliğinə mühüm töhfələr verən Sevindik Nəsiboğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, yeni-yeni yaradıcılıq uğurları və gələcək fəaliyyətində daha böyük nailiyyətlər arzulayırıq. Qələmi daim iti, sözü isə oxucularına ilham versin!

Allahverən Pərvizoğlu ✍️

İctimai fəal, III-dəfə respublika mahnı müsabiqəsi laureatı, gənc xanəndə 🎙️

By admin