Bu gün Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatan Tovuz döyüşlərindən altı il ötür.

2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələri Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti hərbi təxribat törədərək mövqelərimizi və yaşayış məntəqələrini ağır artilleriya atəşinə tutdu. Azərbaycan Ordusu düşmənin hücumunun qarşısını qətiyyətlə alaraq ona sarsıdıcı zərbələr endirdi.

Döyüşlər nəticəsində Ermənistan ordusunun 100-dən çox hərbi qulluqçusu zərərsizləşdirildi, çoxsaylı hərbi texnika və hərbi obyektləri məhv edildi. Azərbaycan Ordusunun göstərdiyi qətiyyət və peşəkarlıq düşmənin planlarını alt-üst etdi və ölkəmizin ərazi bütövlüyünün qorunmasında mühüm rol oynadı.

Tovuz döyüşləri zamanı Azərbaycan xalqı igid övladlarını itirdi. General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynalov, gizir Yaşar Babayev, baş çavuş Vüqar Sadıqov, çavuş Elçin Mustafazadə, çavuş Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirov Vətən uğrunda şəhidlik zirvəsinə ucaldılar.

Ermənistanın mülki əhalini hədəfə alması nəticəsində Tovuz rayonunun Ağdam kənd sakini, 76 yaşlı Əziz Əzizov da mərmi zərbəsi nəticəsində həyatını itirərək şəhid oldu. Düşmənin artilleriya və minaatan atəşləri nəticəsində sərhəd kəndlərində yaşayış evlərinə, inzibati binalara, məktəblərə və digər mülki obyektlərə ciddi ziyan dəydi.

Tovuz döyüşləri təkcə sərhəd bölgəsində qazanılmış hərbi uğur deyil, həm də xalqımızın milli birliyini və mübarizə əzmini nümayiş etdirən tarixi hadisə kimi yadda qaldı. Bu döyüşlərdən sonra ölkədə yaranan milli həmrəylik və yüksək vətənpərvərlik ruhu 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin mənəvi-siyasi təməlini formalaşdırdı.

Bu gün Azərbaycan xalqı Tovuz döyüşləri şəhidlərinin əziz xatirəsini dərin ehtiramla yad edir, onların göstərdiyi qəhrəmanlığı daim uca tutur. Vətən uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

By admin