Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Lənkəran Şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Tovuz döyüşlərinin 6-cı ildönümünə həsr olunmuş “Tovuz döyüşləri – Zəfərin başlanğıcı” adlı anım tədbiri keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, eləcə də Vətənimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Boladı kənd 1 nömrəli kitabxana filialının müdiri Könül İsmayılova açaraq Tovuz döyüşlərinin Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində xüsusi yer tutduğunu, bu döyüşlərin Vətən müharibəsinə aparan yolun başlanğıcı olduğunu vurğulayıb.
Daha sonra Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranları Şurasının Lənkəran rayon şöbəsinin sədri, Lənkəran Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, “Lənkəran” qəzetinin redaktoru Əlimərdan Əliyev, “Qarabağ” ordenli şəhid Orxan Quluzadənin anası Fatma Quliyeva, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Lənkəran rayonu üzrə baş mütəxəssisi, Vətən müharibəsi qazisi Rauf Salayev, Lənkəran Şəhər Heydər Əliyev Mərkəzinin bələdçisi Həmidə Məmmədli, “General qızı” romanının müəllifi, Lənkəran Dövlət Universitetinin tələbəsi Aynur İsmayıl çıxış edərək Tovuz döyüşlərinin tarixi əhəmiyyətindən, qəhrəman oğullarımızın göstərdiyi şücaətdən, Vətən sevgisinin və milli birliyin əhəmiyyətindən bəhs ediblər.
Tədbirin bədii hissəsində Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsinin müdiri Kəmalə Məmmədova və Lənkəran şəhər 10 nömrəli tam orta məktəbin məzunu Səbinə Əzimova Vətənə və şəhidlərə həsr olunmuş qəmli, vətənpərvərlik ruhlu şeirlər səsləndiriblər.
Anım tədbiri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və Tovuz döyüşlərinin qəhrəmanlarının əziz xatirəsinin hər zaman ehtiramla yad ediləcəyi bir daha vurğulanıb.

