Lənkəran Şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Mərkəzin bədii qiraət dərnəyinin rəhbəri, tanınmış ziyalı, rejissor və qiraətçi Cəfər Fətullayevin təşəbbüsü ilə cari ilin oktyabr ayından etibarən “Lənkəran xəzinəsi” adlı yeni layihəyə start veriləcək.
Layihə çərçivəsində Lənkəranın tanınmış ziyalıları, alimləri, peşəkar müəllimləri, incəsənət xadimləri və istedadlı gəncləri ilə silsilə görüşlərin keçirilməsi nəzərdə tutulur. Görüşlərdə qonaqların həyat və fəaliyyət yolu, qazandıqları uğurlar, cəmiyyətə verdikləri töhfələr, eləcə də gənc nəslə tövsiyələri barədə maraqlı müzakirələr aparılacaq.
Layihənin əsas məqsədi Lənkəranın zəngin elmi, mədəni və mənəvi irsini təbliğ etmək, şəhərin tanınmış simalarını ictimaiyyətə daha yaxından tanıtmaq, eyni zamanda gənclərin maarifləndirilməsinə və onların şəxsi inkişafına töhfə verməkdir.
“Lənkəran xəzinəsi” layihəsi çərçivəsində keçiriləcək bütün görüş və tədbirlər Lənkəran Şəhər Heydər Əliyev Mərkəzində təşkil olunacaq.
Təşkilatçılar layihənin bölgənin ictimai-mədəni həyatına mühüm töhfə verəcəyini, Lənkəranın ziyalı mühitinin daha geniş auditoriyaya tanıdılmasına və gənclərlə təcrübə mübadiləsinin gücləndirilməsinə xidmət edəcəyini bildirirlər.

