İyulun 10-da Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı, Astara Gənclər Evi Sosial Xidmət Müəssisəsinin dəstəyi ilə Astara Rayon Mədəniyyət Mərkəzində “Xalq sənətkarlıq zonası” layihəsi çərçivəsində tədbir keçirilib.

Tədbirin məqsədi gəncləri xalq sənətkarlığı nümunələri ilə tanış etmək, milli-mədəni irsimizin qorunmasına, xalq sənətkarlığı ənənələrinin yaşadılmasına və gənc nəslə ötürülməsinə töhfə verməkdən ibarət olub.

Tədbir çərçivəsində Astara Rayon Mədəniyyət Mərkəzinin dərziçilik üzrə usta Gülayə Quliyeva və Astara rayonu, Kijəbə qəsəbəsi, Lovayın kənd Mədəniyyət Evinin metodisti, xalçaçılıq dərnəyinin rəhbəri Rəna Hüseynova tərəfindən ustad dərsləri keçirilib. İştirakçılar xalçaçılıq və dərziçilik sənətinin incəlikləri ilə yaxından tanış olublar.

Tədbirdə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Astara rayonu üzrə nümayəndəsi vəzifəsini müvəqqəti icra edən, Astara Rayon Mədəniyyət Mərkəzinin direktoru Anar Kəkəyev, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Astara rayonu üzrə Gənclər və İdman Sektorunun müdiri Rufan Şirinov, Astara Rayon Mədəniyyət Mərkəzinin baş metodisti Kamran Fərziyev və Lovayın kənd Mədəniyyət Evinin direktoru Rövşən Hacıyev iştirak ediblər.

By admin