Lənkəranda “Qurtuluşdan Zəfərə Aparan Yol” adlı tədbir keçirilib

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan Zəfərə Aparan Yol” adlı tədbir keçirilib.

Tədbir başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin fond müdiri Aygün Əkbərova, Lənkəran şəhər Rasim Məmmədov adına 5 nömrəli tam orta məktəbin direktor müavini Cəfər Fətullayev, tarix müəllimi Kəmalə Nabatova, ƏMVİB-in Lənkəran şəhər şöbəsinin sədr müavini Saleh Dostiyev və Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, bəstəkar Zəminə Taryelqızı Milli Qurtuluş Gününün Azərbaycan tarixindəki mühüm rolundan, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəaliyyətindən və bu tarixi günün ölkənin inkişafına verdiyi töhfələrdən danışıblar.

 

Qeyd olunub ki, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması, siyasi sabitliyin təmin olunması və gələcək inkişafın təməlinin qoyulması baxımından müstəsna əhəmiyyətə malikdir.

 

Tədbirin bədii hissəsində musiqisi Zəminə Taryelqızına, sözləri Reyhanə Sadıxovaya məxsus olan “Heydər babam” mahnısı Lənkəran şəhər Cəfər Cabbarlı adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimi Əsəd Məmmədovun ifasında səsləndirilib.

 

Daha sonra gənc xanəndə, respublika mahnı müsabiqələri laureatı Allahverən Pərvizoğlu, məktəblilər və uşaq bağçalarının balaca fidanları maraqlı musiqi və rəqs nömrələri ilə çıxış ediblər. İştirakçılar tərəfindən Ulu Öndərə, Vətənə və dövlətçiliyə həsr olunmuş şeirlər səsləndirilib.

 

Tədbirin sonunda iştirakçılar 15 İyun – Milli Qurtuluş Gününün xalqımızın taleyində mühüm dönüş nöqtəsi olduğunu vurğulayaraq, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətindəki misilsiz xidmətlərini dərin ehtiramla yad ediblər.

Tədbir vətənpərvərlik ruhunun təbliği, gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi və dövlətçilik ənənələrinin aşılanması baxımından xüsusi əhəmiyyət daşıyıb.