Lənkəran təhsil ictimaiyyətinə ağır itki – Eldar Məmmədov vəfat edib

Lənkəran Dövlət Universitetinin “Tarix və onun tədrisi metodikası” kafedrasının baş müəllimi, uzun illər pedaqoji fəaliyyət göstərmiş Eldar Məmmədov vəfat edib.

Eldar Məmmədov ömrünü təhsilin inkişafına və gənc nəslin yetişdirilməsinə həsr etmiş dəyərli pedaqoqlardan biri olub. O, Lənkəran şəhəri Vaqif Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseydə müəllim kimi fəaliyyət göstərməklə yanaşı, Lənkəran Dövlət Universitetində də çalışaraq yüzlərlə tələbə və abituriyentin təhsil almasına, formalaşmasına və gələcək həyat yolunu müəyyənləşdirməsinə töhfə verib.

Savadı, peşəkarlığı, tələbkarlığı və yüksək insani keyfiyyətləri ilə seçilən Eldar Məmmədov həmkarlarının, tələbələrinin və məzunlarının dərin hörmətini qazanmışdı. Onun gənclərin maariflənməsi və vətənpərvər ruhda tərbiyə olunması istiqamətində gördüyü işlər daim ehtiramla xatırlanacaq.

Eldar Məmmədovun vəfatı Lənkəran təhsil ictimaiyyəti üçün böyük itkidir.