Masallıda Əməkdar mədəniyyət işçisi, “Tərəqqi” medallı, “Şərəf nişanı” ordenli tanınmış mədəniyyət xadimi Lətifə Mövsümovanın 75 illik yubileyi keçirilib.
Mayın 15-də Nizami Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzində təşkil olunan yubiley tədbirində rayon rəsmiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Daha sonra yubilyarın həyat və yaradıcılıq yolunu əks etdirən “Ömrün pərdə arxası” adlı videoçarx nümayiş etdirilib.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov giriş nitqi ilə çıxış edərək Lətifə Mövsümovanı 75 illik yubileyi münasibətilə təbrik edib, onun Azərbaycan mədəniyyətinin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib. Bildirib ki, mədəniyyət sahəsinə göstərilən dövlət qayğısı Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin davamı olaraq Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu istiqamətdə mədəniyyət xadimlərinin fəaliyyəti daim diqqətdə saxlanılır.
Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov da çıxışında yubilyarı təbrik edərək qeyd edib ki, Lətifə Mövsümovanın uzun illər ərzində mədəniyyət sahəsində göstərdiyi xidmətlər bölgənin mədəni mühitinin formalaşmasına və yaradıcılıq ənənələrinin yaşadılmasına mühüm töhfə verib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Astara Rayon İcra Hakimiyyəti başçısının müavini Firəngiz Sadıqova, Lənkəran Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Laləzar Hüseynova, Mədəniyyət Nazirliyinin sabiq əməkdaşı Oqtay Muxtarov və şəhid anaları çıxış edərək yubilyarın həyat və fəaliyyətindən, yüksək insani keyfiyyətlərindən söz açıblar.
Əməkdar incəsənət xadimi Əliqismət Lalayev isə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlunun yubiley münasibətilə ünvanladığı təbrik məktubunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Həmçinin Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun təbrikləri oxunub.
Tədbir çərçivəsində Lətifə Mövsümovaya fəxri fərmanlar və xatirə hədiyyələri təqdim olunub.
Sonda yubilyar ona göstərilən diqqət və ehtirama görə təşkilatçılara və tədbir iştirakçılarına minnətdarlığını bildirib, həyat yoluna dair xatirələrini bölüşüb.
Yubiley tədbiri incəsənət ustalarının iştirakı ilə təqdim olunan rəngarəng bədii proqramla davam edib. Musiqi nömrələri və səhnəciklər tədbirə xüsusi ab-hava qataraq gecəni yaddaqalan edib.

