QADIN DÜNYANIN QƏHRƏMANIDIR!

Bunu söyləməsək olmaz. Çünki Qadın Anadır. Ana bu dünyada yaşayıb-yaratmış olan şəxsiyyətləri, alimləri, müdrikləri dünyaya gətirən, yetişdirən müdrikdir. Ana Peyğəmbər Anasıdır. Ana İmam anasıdır. Ana Şəhid anasıdır. Ana alimlər anasıdır. Ona görə də Anaların, Qadınların qədrini bilmək lazımdır.

Keçmişimizdəki bir çox döyüşlərdə, müharibələrdə, xalqımızın pis gününə sinə gərən neçə Vətən oğlu var idisə, o qədər də Vətən qızı var idi. O Vətən qızları ki, öz ömür-gün yoldaşlarını cəbhəyə, döyüşə yola salanda içindəki acıya sinə gərirdi. O Vətən qızları ki, Vətən oğullarının dərdinə dərman olmaq üçün könüllü xidmətə yollandılar. Sona qədər döyüşdülər, şər qüvvəyə sinə gərdilər. Birinci Qarabağ müharibəsində nə qədər qəhrəman qadınlarımız olub. Salatın Əsgərova, Gültəkin Əsgərova, Qaratel Hacımahmudova. Onların şanlı dastanlarından güc alan, bu güclə düşmənlərdən öc alan bir qadınımız, bir Anamız da Vətən müharibəsində Şəhid oldu: Arəstə Baxışova.

Gültəkin Əsgərova və Arəstə Baxışova… Gültəkin Şəhid oldu, Arəstə qisasını aldı… Onların ikisi də Qəhrəman oldu, Qəhrəmanlarımızın qisasını aldı. Əsgərlərimizin dərdinə dəva oldular, şəfa tapdılar, onları ayağa qaldırdılar, ən ağır yaralını dirçəltdilər, diriltdilər… Ancaq, özləri həyata qayıtmadı və bir daha da qayıtmayacaq… Onlar bir daha həyata qayıtmasa belə, bizim ürəyimizdə, ruhumuzda hər an yaşayacaqlar… Onların xatirəsi Zəfər daim olduqca, dünya durduqca əziz qalacaqdır… Maraqlıdır ki, Gültəkin Əsgərova Şəhid olduğu Aranzəmindən dəmir tabutla Bakıya, and yerimiz Şəhidlər Xiyabanına gətirildikdə tabutun üstündə Xarıbülbül var idi… O zaman Xarıbülbül işğalla azadlığın arasında idi və get-gedə solmağa başlayırdı… Sonra soldu… Həcərin igid nəvəsi, Gültəkinin igid qızı sayılacaq Şəhidimiz Arəstə Baxışova da o Xarıbülbülü işğaldan azad etdi və Xarıbülbül dirçəldi… Bir daha da qurumayacaq…

Salatın Əsgərova müxbir idi. İşlədiyi qəzetin hər sayında ermənilərin necə qatil olduqlarından yazırdı. Qarabağdan yazırdı. Həmişə Qarabağa can atırdı. Səhhətində problemlər yaransa belə Qarabağa getmək istəyirdi. 1991-ci i 8 yanvarda Laçının Ağanus kəndində əsgərlərimizlə bir yerdə olan və hətta, onların silahları ilə sərrast atəş açan Salatın oradan Şuşaya yollandı. Yol ilə gedərkən Şuşanın Qaladərəsi kəndində ermənilər öz cəlladlıqlarından, qatilliklərindən istifadə etdilər. Maşına ard-arda atəş açdılar. Sonralar maşında təxminən 100-dən çox güllənin olduğu deyildi. Bu da ermənilərə bəs olmadı, maşına tərəf gəldikdə hələ yaralı olan Salatını gördülər. Yenə ard-arda güllə atdılar, ancaq, onu öldürmədilər. O, Şəhid oldu…

Azərbaycanın Qadınları, Anaları unudulmazdır… Onlar həm Qəhrəman yetiriblər, həm də Qəhrəman olublar… Onlar Azərbaycan xalqı üçün müqəddəsdirlər… Ana haqqı – Tanrı haqqıdır… Adlarını çəkdiyim Analar Allah dərgahındadır… Allah Onlara rəhmət eləsin! Amin!

 

SEVİNDİK NƏSİBOĞLU

Milli Aviasiya Akademiyasının İqtisadiyyat
və Hüquq fakültəsinin hüquqşünaslıq ixtisasının 1-ci kurs tələbəsi,
AJB və AYB üzvü

By admin