Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyində Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Azərbaycan Yazıçılar Birliyi Lənkəran Bölməsinin birgə təşkilatçılığı ilə şair və yazıçılarla maraqlı görüş keçirilib.
Tədbirdə ziyalılar, məktəblilər, gənclər, eləcə də tanınmış şair və yazıçılar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəb-liseyin direktor vəzifəsini müvəqqəti icra edən Aygün Fətullayeva qonaqları salamlayaraq bildirib ki, belə görüşlər şagirdlərin dünyagörüşünün formalaşmasında, onların ədəbiyyata və kitaba marağının artırılmasında mühüm rol oynayır. O, tədbirin təşkilinə görə Lənkəran MKS-in rəhbərliyinə və AYB Lənkəran Bölməsinə təşəkkürünü ifadə edib.
Daha sonra AYB Lənkəran Bölməsinin sədri, yazıçı-dramaturq Qafar Cəfərli çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, gənclərlə keçirilən bu cür görüşlərin ədəbi mühitin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.
Lənkəran MKS-in Nərimanabad 1 saylı qəsəbə kitabxana filialının müdiri Şairə Abdullayeva isə MKS rəhbərliyi adından iştirakçıları salamlayaraq tədbirin maarifləndirici əhəmiyyətindən bəhs edib.
Görüşdə Pedagojika üzrə fəlsəfə doktoru Tükəzban Cahangirova, şairlər Xatirə Xatun və Əfsanə Sultan Xəlilbəyli, Ağamir Cavad, Ziyafət Yəhya, Əyyub Türkay, Əhməd Haqsevər, həmçinin ictimai fəal, III Respublika Mahnı Müsabiqəsinin laureatı Allahverən Pərvizoğlu çıxış edərək gənclərlə fikir mübadiləsi aparıblar.
Şair və yazıçılar müəllifi olduqları şeirləri səsləndirib, kitablarını məktəbə hədiyyə ediblər. Görüş zamanı gəncləri maraqlandıran suallar cavablandırılıb, ədəbiyyat və yaradıcılıq mövzusunda səmimi müzakirələr aparılıb.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilib.

