Masallı rayonunda “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi” mövzusunda tədbir təşkil olunub. Tədbir Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2022-ci il tarixli, 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 6.2-ci tapşırığının icrası çərçivəsində baş tutub.
Tədbirin əsas məqsədi dövlət və bələdiyyə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərin, eləcə də büdcə təşkilatlarında çalışan əməkdaşlar, o cümlədən tibb və təhsil sahəsi işçiləri arasında antikorrupsiya davranış modelinin formalaşdırılması istiqamətində görülən işlərin gücləndirilməsi, bu sahədə maarifləndirmənin artırılması olub.
Tədbiri açan Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Hüquq və kadr məsələləri sektorunun müdiri vəzifəsini müvəqqəti icra edən Azər Bəhmənov çıxış edərək bildirib ki, ölkədə həyata keçirilən islahatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə prioritet istiqamətlərdən biri kimi müəyyən olunub. Onun sözlərinə görə, şəffaflığın artırılması, hesabatlılığın gücləndirilməsi və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər görülür.
Qeyd olunub ki, korrupsiya risklərinin minimuma endirilməsi məqsədilə aidiyyəti qurumlar üzrə konkret tədbirlər planı hazırlanıb və bu istiqamətdə işçilərin bilik və bacarıqlarının artırılması, etik davranış qaydalarına əməl olunması, eləcə də müxtəlif təlim və treninqlərin təşkili həyata keçirilir.
Tədbirdə iştirak edən aidiyyəti qurum rəhbərlərinə tapşırılıb ki, korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmə işləri davamlı xarakter alsın, mütəmadi tədbirlər keçirilsin və əldə olunan nəticələrin daha da yaxşılaşdırılması üçün səylər artırılsın.
Sonda vurğulanıb ki, korrupsiyaya qarşı mübarizə yalnız dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin birgə səylərini tələb edən mühüm prosesdir və bu istiqamətdə tədbirlərin davamlılığı təmin olunmalıdır.


