Aprelin 16-da Bakı Slavyan Universitetində “İnklüziv təhsildən inklüziv cəmiyyətə: dayanıqlı və inklüziv universitet modeli” mövzusunda IV beynəlxalq elmi-praktik konfrans keçirilib. Tədbirdə dövlət və hökumət nümayəndələri, ali təhsil müəssisələrinin rəhbərləri, millət vəkilləri və beynəlxalq ekspertlər iştirak ediblər.
Tədbirdə çıxış edən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov inklüziv təhsilə məktəb aspektindən yanaşmanın vacibliyini qeyd edib. O bildirib ki, bu sahədə aparılan müzakirələr gələcək müəllimlərin daha hazırlıqlı formalaşmasına töhfə verir. Həmçinin inklüziv təhsilin inkişafı istiqamətində həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb.
Çıxışlar zamanı, həmçinin inklüziv təhsilin cəmiyyətin inkişafında mühüm rol oynadığı vurğulanıb, bu sahədə əməkdaşlığın və sistemli yanaşmanın əhəmiyyəti qeyd edilib. Bildirilib ki, inklüziv təhsil yalnız bərabər imkanların yaradılması deyil, eyni zamanda bu imkanların hər kəs üçün əlçatanlığının təmin olunmasını nəzərdə tutur.
Qeyd olunub ki, son illərdə bu istiqamətdə mühüm layihələr həyata keçirilib, geniş əməkdaşlıq şəbəkəsi formalaşıb və bir çox tədbir təşkil olunub. Konfrans çərçivəsində inklüziv təhsilin beynəlxalq təcrübəsi, əlçatanlıq və iştirakçılıq məsələləri müzakirə olunub, tədbir bölmə iclasları ilə davam etdirilib.







